MƏDƏNİYYƏT
Brüssel və Lüksemburqda gənc rəssamlarımızın əsərlərindən ibarət sərgilər keçiriləcək
Bakı, 16 iyun, AZƏRTAC
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Belçika Krallığındakı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliklərinin dəstəyi ilə iyunun 21-dən 25-dək Brüsseldə, 26-dan 28-dək isə Lüksemburqda gənc rəssamlarımızın əsərlərindən ibarət sərgi keçiriləcək.
Sərgiyə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası təşkilati dəstək verir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Brüsseldə sərginin açılışı iyunun 21-də “ART Thema” qalereyasında, Lüksemburqda isə iyunun 27-də “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasında olacaq.
Sərgilərin keçirilməsində məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını bir daha nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini vurğulamaqdır.
Sərgidə iştirak etmək üçün Azərbaycandan 33 nəfərdən ibarət nümayəndə heyəti iyunun 20-dən 29-dək Belçika və Lüksemburqda səfərdə olacaq. Sərgidə nümayiş etdirmək üçün 24 rəssamın 89 əsəri seçilib.
Səfər müddətində Azərbaycanın gənc rəssamları Belçika və Lüksemburqun görməli yerlərini ziyarət edəcək, Hollandiyanın paytaxtı Amsterdamda birgünlük qonaq olacaq, Rembrandın əsərlərinə orijinaldan baxmaq imkanı qazanacaqlar.
Yerli sənətsevərlərin “Azərbaycan – tolerantlıq diyarı” adlı sərgiyə böyük marağını nəzərə alaraq Əməkdar Rəssam Sakit Məmmədov və Tatyana Kesar iyunun 28-də Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında ustad dərsi keçəcəklər.
Hər iki sərginin sonunda iştirakçı rəssamlara səfirliklərimiz tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən etibarən Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği məqsədilə müxtəlif ölkələrdə gənc rəssamlarımızın əsərlərindən ibarət sərgilər keçirir. İndiyədək Xarici İşlər Nazirliyinin dəstəyi ilə Sofiya, Brüssel, Vyana, Paris, London, Roma, Bern, Milan, Budapeşt, Praqa, Vaterloo və Varşava şəhərlərində bu ölkələrdəki səfirliklərimizin fəal iştirakı ilə sərgilər təşkil olunub.