İQTİSADİYYAT
Brüsseldə Avropa Banklar Federasiyasının 45-ci toplantısı keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Avropa Banklar Federasiyasının (ABF) Brüssel şəhərində keçirilən 45-ci toplantısında iştirak edib.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, iclasda Avropa İttifaqı ölkələrində baş verən son hadisələr, Avropa İnvestisiya Bankının Qərbi Balkan və Avropa İttifaqında rolu, risklərin azaldılması üçün tədbirlər və bu barədə danışıqlar, "FinTechs"in diqqət mərkəzində olması, üzvlüyün inkişafı, həmçinin digər məsələlər müzakirə edilərək fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində də nümayəndəliyi olan ABF-nin baş qərargahı Brüsseldə yerləşir. Avropanın 32 ölkəsinin banklar assosiasiyaları federasiyanın üzvüdür. Bu assosiasiyalar, ümumilikdə 3500 Avropa banklarını və 2 milyon bank əməkdaşını təmsil edir. ABA federasiyanın təcrübəsindən sıx faydalanır. ABA-nın icraçı direktoru Yunus Abdulov federasiyanın Brüsseldəki baş ofisində iş təcrübəsinə malikdir. Hazırda ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının işinin təşkilində mövcud xarici təcrübə tətbiq olunmaqdadır. ABA 2008-ci ilin fevralından ABF-nin assosiativ üzvüdür.