SİYASƏT
Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd edilib. Həmçinin danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.