ELM VƏ TƏHSİL
Bu gün 32 minə yaxın abituriyent II və III qruplar üzrə imtahan verir
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı saat 11:00-da başlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 61 binada təşkil olunan imtahan üç saat davam edəcək.
İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 14993-ü II qrup, 16911-i isə III qrup üzrə imtahan verir.
İmtahan materiallarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri 3-4 gün sonra DİM-in internet səhifəsində yerləşdiriləcək.