CƏMİYYƏT
Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Türkay Hüseynlinin anım günüdür
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Türkay Nizami oğlu Hüseynlinin anım günü keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Türkay Hüseynlinin İkinci Fəxri xiyabanda yerləşən məzarını ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olmuş Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlayan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 3-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə Türkay Hüseynli “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Mərasimdən sonra şəhid ailəsinin üzvləri ilə görüş olub, onları narahat edən problemlər dinlənilib.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.