İDMAN
Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək
Bakı, 15 may, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bütün qarşılaşmalar saat 17:00-da başlayacaq.
Çempionluğu təmin edən "Qarabağ" klubu "Səbail"in qonağı olacaq. Ağdam təmsilçisi hesabında 63 xal var. Bakı klubu isə 15 xalla sonuncu - 8-ci sırada qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Bunların 14-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıblar. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 35:7.
UEFA Konfrans Liqasına vəsiqə şansını davam etdirən "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 39 xalla beşinci, “gənclik şəhəri” təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb. Çempionatdakı əvvəlki 14 matçın 6-da "Sabah", 6-da qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində "Sabah" minimal üstünlüyə malikdir - 18:17.
Avrokuboklara digər iddialı komanda "Qəbələ" "Şamaxı"nın qonağı olacaq. "Qırmızı-qaralar" 41 xalla 4-cü, Şamaxı təmsilçisi 21 xalla 6-cı sıradadır. Tərəflər Premyer Liqada 54 dəfə qarşılaşıblar. Bunların 19-da meydan sahibləri, 16-da qonaqlar qalib gəlib. Topların nisbətində də "Şamaxı" üstündür - 72:57.
Nəhayət, "Zirə" gümüş medalları təmin edən "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar"ın hesabında 50 xal var. Qırx üç xala malik “Zirə” üçüncü yerdədir. Bu, komandalar arasında çempionatdakı 26-cı matç olacaq. Bunların 11-də "Zirə", 7-də "Neftçi" qələbə qazanıb. Topların nisbətində isə qonaqların üstünlüyü var - 27:26.
"Qəbələ" bu tur xal itirsə, "Zirə" qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. "Sabah" "Sumqayıt"ın müqavimətini qıra bilməsə, "Qəbələ" Şamaxı səfərindən 3 xalla qayıtsa, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.