İDMAN


Bu gün Azərbaycan Premyer Liqasında birinci dövrənin sonuncu turu keçiriləcək

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turun açılış oyunu “Dalğa Arena”da baş tutacaq. “Zirə” klubu “Qəbələ” komandasını qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.

Hər iki komanda cari mövsümdə elə də uğurlu oyun sərgiləmirlər. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra da ardıcıl məğlubiyyətlərlə üzləşən “Zirə” hazırda 1 xalla sonuncu pillədə qərarlaşıb. “Qəbələ” isə 5 xalla 6-cı yerdədir. Komandalar indiyədək çempionatda 12 dəfə üz-üzə gəliblər. Oyunlardan 3-də “Zirə”, 4-də isə “Qəbələ” qalib gəlib. Beş oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “qırmızı-qaralar” üstündür - 15:11. Lakin “Zirə” son 3 ev oyununda uduzmayıb. “Qəbələ” 10, paytaxt təmsilçisi 6 matçdır meydanı qolsuz tərk etmir.

Turun ikinci oyunu “Bayıl Arena”da 19:00-da başlayacaq. Həmin görüşdə “Sumqayıt” klubu “Səbail” komandasının qonağı olacaq. Komandalar bu vaxta kimi 4 dəfə qarşılaşıblar. Dörd görüşdən 1-də Bayıl komandası, ikisində “gənclik şəhəri” təmsilçisi qalib gəlib və daha bir matç heç-heçə ilə nəticələnib. Topların nisbəti “Sumqayıt”ın xeyrinədir - 4:2. Sumqayıtlılar səfərdəki hər iki matçda qələbə qazanıblar. “Səbail” heç vaxt qalib gəlməyib. Görüşü Əliyar Ağayev idarə edəcək.

Günün sonuncu matçında isə çempionatın lideri “Neftçi” debütant “Sabah”ı qəbul edəcək. Qonaqların baş məşqçisi Elşad Əhmədov daha əvvəl flaqmanın əvəzedici heyətinə və bir oyunda əsas komandaya rəhbərlik edib. Hələlik “Sabah” Əhmədovun rəhbərliyi altında 6 oyundan 10 xalla 4-cü pillədə qərarlaşıb. “Neftçi” isə 16 xalla birinci pillədədir. Qarşılaşma saat 20:15-də başlayacaq. Oyunda ədaləti təmin etmək Orxan Məmmədova tapşırılıb.

“Qarabağ”ın “Keşlə” ilə səfər matçı isə oktyabrın 31-nə təxirə salınıb. Bu, Ağdam komandasının müraciəti əsasında baş verib. Səbəb isə “Qarabağ” klubunun UEFA Avropa Liqasında İngiltərənin “Arsenal” ilə oyunu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.