SİYASƏT


Bu gün Azərbaycan Prezidentinin hər bir sözü xalqımız üçün qürur, sevinc müjdəsidir

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər ediblər. Əslində, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımızın müharibə ab-havası hələ soyumamış ərazilərə bu səfəri əsl cəsarət nümunəsidir. Ancaq Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə də öz qələbə sevincini xalqla bölüşmək üçün bütün təhlükələrə rəğmən, Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bir daha göstərdi ki, həmişə xalqının yanındadır, onun sevincinə şərikdir, dar günlərində işığa aparan bələdçisidir. Bu, şanlı Qələbədən sonra Prezident İlham Əliyevin bölgələrə ilk səfəridir və təəccüblü deyil ki, dövlətimizin başçısı məhz işğaldan azad edilmiş torpaqlara getdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Ülviyyə Ağayeva deyib.

Deputat bildirib: “Prezident İlham Əliyevin Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilməsi haqqında göstəriş verdi. Bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə apardığı üçün onun çox böyük əhəmiyyəti var. Bu, ölkəmizin həyatında çox əlamətdar hadisədir. Qələbə günündən cəmi 8 gün sonra işğaldan azad edilən torpaqlarda başlanan quruculuq işləri bir daha göstərir ki, dövlətimiz həmişə xalqın qayğıları ilə yaşayır. Bu Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq–dövlət birliyinin ən bariz nümunəsini göstərdi. Bu gün elə vətəndaş tapılmaz ki, dövlətimizin başçısının çıxışlarını həvəslə gözləməsin, fəaliyyətini izləməsin. Bu gün Azərbaycan Prezidentinin hər bir sözü xalqımız üçün özünəinam, qürur, sevinc müjdəsidir. Buna görə də dövlətimizin başçısının səfər etdiyi bölgələrdə, yolboyu camaat öz qalib Prezidentini böyük məhəbbətlə, səmimi alqışlarla qarşılayırdı. Bu hisslər öz səmimiliyi ilə hamını kövrəldirdi”.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həm də tarixi Xudafərin körpüsünü ziyarət etdiklərini söyləyən deputat bildirib ki, bu, dövlətimiz və xalqımızın, ümumilikdə, Azərbaycanın öz milli-mənəvi dəyərlərinə hər zaman sadiq olduğunu, mədəniyyət abidələrinə sahib çıxdığını və onları qoruyacağını göstərir.

Ü.Ağayeva qeyd edib ki, bu səfərin tarixi əhəmiyyəti ilə yanaşı, digər mühüm cəhəti vaxtilə Azərbaycanın problemlərinə biganə qalan, Ermənistana isə havadarlıq edən dünya birliyinə ciddi mesajın verilməsidir: Azərbaycan işğalla barışmadı, bütün torpaqlarını azad etdi, öz tarixi torpaqlarına sahib çıxdı və sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu məsələnin başqa bir yolu – Vətən müharibəsi də mümkündür.

“Bugünkü uğurumuz, bu şanlı Qələbəmiz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu, reallaşdı.

Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu gün hər bir hərbçinin Müzəffər Ali Baş Komandanı, sadə vətəndaşların sevimli rəhbəridir”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.