CƏMİYYƏT


Bu gün Azərbaycan mediası inkişafının yeni keyfiyyət mərhələsini yaşayır

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan mətbuatı ötən 146 il ərzində zəngin və şərəfli bir yol keçib. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın milli oyanışında, milli birliyinin formalaşmasında, möhkəmlənməsində daim önəmli rol oynayıb, zamanın keşməkeşliyində ağır məhrumiyyətlərlə üzləşsə də, məram-məqsədindən üz çevirməyib.

“Əkinçi” ilə bərabər, “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar da qarşılarına qoyulan belə bir şərəfli missiyanın yerinə yetirilməsində çətinliklərdən çəkinməyib, maarifçilik ənənəsini ləyaqətlə yaşadıb, milli şüurun formalaşması və inkişafına dəyərli töhfələr veriblər.

Azərbaycan mətbuatı sovet dönəmində kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığına, milli ənənələrə bağlılığına sadiq qalıb, respublikanın ictimai-siyasi həyatına nüfuz etməyi bacarıb. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın müasir növləri meydana çıxıb. Bütün bunlarla bərabər, “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.

Azərbaycanda mətbuatın formalaşmasında və inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev fəaliyyəti dövründə bu sahəni iş prinsipinin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayaraq, məlumat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ulu öndər ölkəmizdə senzuranın, mətbuatın üzərindən dövlət nəzarətinin aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması və medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərini uğurla gerçəkləşdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Ümummilli Liderin mətbuata bu cür diqqət və qayğısı təsadüfi deyildi. Çünki dahi şəxsiyyət insanları səfərbər etmək, təşkilatlandırmaq üçün mətbuatın çox güclü təbliğat və təşviqat vasitəsi olduğunu yaxşı bilirdi. Ona görə də mövcud sahənin imkanlarından səmərəli yararlanmaqla cəmiyyəti düşündürən, narahat edən bütün problemləri bu və ya digər formada mətbuata çıxarırdı.

Dahi şəxsiyyət müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də fəaliyyətində mətbuata mühüm önəm verdi. Ölkədə hökm sürən xaosun, özbaşınalığın aradan qaldırılmasında, dövlətçiliyin möhkəmləndirilməsində mətbuatdan səmərəli yararlandı. Bir çox məqamlarda qəzetlərin vasitəsi ilə xalqa müraciətlər etdi. İyun hadisələri, dövlət çevrilişlərinə cəhd zamanı Heydər Əliyev məhz medianın gücündən istifadə edərək, xalqı ölkənin üzləşdiyi təlatümlərdən xilas yolunda birləşdirdi”.

Rəşad Mahmudovun sözlərinə görə, müstəqilliyin ilk illərində ümummilli liderimizin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. Ulu öndərin müvafiq fərmanı ilə Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura aradan qaldırıldı. “Kütləvi informasiya vasitələri haqqında” qanun, eləcə də “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” qəbul edilərək mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə zəmin yaradıldı, mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllər aradan qaldırıldı, yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası təsis olundu.

Ümummilli lider müstəqil respublikamıza rəhbərliyi illərində jurnalistlərlə görüşlərin ənənəsini yaradıb, təmaslar zamanı üzləşilən problemlərə operativ münasibət bildirib, çətinlikləri aradan qaldırıb. Məsələn, bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas edib.

Təbii ki, jurnalistlər tərəfindən ümummilli liderə onların zəhmətini yüksək dəyərləndirən müdrik şəxsiyyət kimi böyük hörmət bəslənilib. Bunun nəticəsi idi ki, Heydər Əliyev 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına, 2003-cü ildə isə Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülüb.

Deputat bildirib ki, dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin 18 ili ərzində Ümummilli Liderin media siyasətini uğurla, yeni dövrün tələblərinə uyğun gerçəkləşdirib. Modernləşmə, rasionallıq, obyektivlik, yaradıcılıq, qabaqcıl texnologiyaların geniş tətbiqi və aparıcı trendlərin izlənilməsini mətbuatın inkişafını şərtləndirən başlıca amillər kimi diqqətdə saxlayıb.

Bu gün respublikada mövcud olan 5 mindən çox media subyekti qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Jurnalist kollektivlərinin dünyada gedən qloballaşma prosesinə inteqrasiyası reallaşdırılıb, onların ixtisasartırma və təkmilləşmə kurslarında iştirakları təmin olunub. Azərbaycanda Mətbuat Şurasının formalaşması nəticəsində media sahəsində pərakəndəlik aradan qaldırılıb. Dövlətimizin başçısının rəhbərliyi ilə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması, yaşayış binalarının tikilməsi istiqamətində önəmli layihələr gerçəkləşdirilib. Bütün bunlarla yanaşı, KİV-ə birdəfəlik yardımlar göstərilib, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlər fəxri adlarla təltif ediliblər.

Bu gün mətbuat işçiləri, həm də fədakarlıq və qəhrəmanlıq rəmzi kimi tanınır. Dövlətimizin başçısı tərəfindən Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolu yüksək qiymətləndirilir. Məhz peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çatdırılır.

Rəşad Mahmudov sonda qeyd edib: “Azərbaycan mediası bu gün inkişafının yeni keyfiyyət mərhələsini yaşayır. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.