SİYASƏT
Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər Heydər Əliyevin ideyalarının həmişəyaşar olduğunu sübut edir
Bakı, 7 may, AZƏRTAC
Qaradağ rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən ümumrayon tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları Heydər Əliyev Parkında Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş, Qaradağ rayon məktəblilərinin əl işlərindən ibarət müxtəlif kompozisiyalar və Qaradağ rayon Mərkəzləşmiş Kitabxana Sisteminin kitab sərgiləri ilə tanış olublar. Rayonun musiqi kollektivlərinin Ulu Öndərin xatirəsinə həsr olunan müxtəlif musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunan konfransla davam etdirilib.
Əvvəlcə Ulu Öndərin həyat yolu haqqında film göstərilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.
Qeyd edilib ki, dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunmasıdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Ulu Öndər müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin edib. Ümummilli Liderimizin inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirib.
YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən, hörmət edilən dövlətlərindən biridir.
Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın bugünkü inkişafı məhz Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.