SİYASƏT
Bu gün Azərbaycanın dünyanın lider dövlətləri ilə bir sırada durması dahi rəhbər Heydər Əliyev siyasətinin təntənəsidir
Biləsuvar, 7 may (Azər TAc). Biləsuvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıdan əvvəl Ulu Öndərin Biləsuvar şəhərindəki abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir iştirakçılar şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərlə bağlı fotoşəkillər və sənədlərlə tanış olmuş, dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışlar.
Yığıncaqda çıxış edənlər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən ətraflı söhbət açmışlar.
Bildirilmişdir ki, məhz Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan fəlakətlərdən xilas olmuş, müasir inkişaf yoluna çıxmışdır.
Regionların, o cümlədən Biləsuvarın ulu öndər Heydər Əliyevin qayğısı ilə sürətli inkişafı və bu gün həmin siyasi kursun Prezident İlham Əliyevin liderliyi ilə davam etdirilməsinin real nəticələri konkret faktlarla diqqətə çatdırılmışdır.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşları Musa Quluzadə və Elman Nəsirli bildirmişlər ki, bu gün Azərbaycanın regionda aparıcı söz sahibi olması və ölkəmizin dünyanın lider dövlətləri ilə bir sırada durması dahi rəhbər Heydər Əliyev siyasətinin təntənəsidir.