SİYASƏT


Bu gün Azərbaycanın hər hansı danışıqlarda iştirakı onun ehtiyacından daha çox, qüdrətinin və humanist mahiyyətinin göstəricisidir

Bakı, 7 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin bütün çıxışları xüsusi əhəmiyyət daşıyaraq dərin məna ehtiva edir. Artıq neçənci dəfədir ki, ictimaiyyətlə görüş, sosial obyektlərin açılışı, müxtəlif tədbirlər zamanı Prezident öz fikirlərini açıq şəkildə Azərbaycan ictimaiyyətinə təqdim edir. Təbii ki, təqdim edilən bu məsələlər Azərbaycanda gedən proseslərlə bağlı olduğu halda, həm də dünyada baş verən proseslərin də ölkəmizə təsirini əks etdirir. Ümumiyyətlə, belə açıq, səmimi, konkret və vacib mesajların həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya çatdırılmasının böyük əhəmiyyəti var.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AZƏRTAC-a açıqlamasında deyib.

Parlamentin komitə sədri bildirib ki, hazırda pandemiya dünyasında yaşayırıq. Bu qeyri-müəyyən və qeyri-sabit dünya, çox mücərrəd və təhlükəli tendensiyalar doğurur. Bu nöqteyi-nəzərdən dövlətimizin başçısının qısa müddətdə bir neçə dəfə xalqa, eləcə də beynəlxalq ictimaiyyətə müraciəti, regionda gedən proseslərin təhlili, bölgədə sabitlik üçün böyük təhlükə yaradan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri diqqətlə dinlənilir, çətin və faktiki olaraq müharibə dövründə cəmiyyətimizdə davranış qaydalarını, atılacaq addımlarla bağlı düşüncə tərzini formalaşdırır. Prezident bunu gözəl başa düşür və hər bir çıxışında bu məsələlərə həm siyasi, həm insani, həm də deyərdim ki, fəlsəfi nöqteyi-nəzərdən tam səmimi və açıq şəkildə yanaşır.

“Hesab edirəm ki, dünən Xətai rayonunda modul tipli hospitalın açılışı zamanı da dövlətimizin başçısının ictimaiyyətin nümayəndələri ilə ünsiyyəti, məhz bu silsilə görüşlərdən olmaqla yanaşı, özündə bir prinsipial fərqi əks etdirirdi. Həmin fərq ondan ibarətdir ki, Prezident həm respublikada olan vəziyyəti ümumi təhlilini apararaq, həm beynəlxalq mühitdə gedən prosesləri şərh edərək, yalnız Azərbaycanın bu məsələlərə münasibətini deyil, o cümlədən gözləntilərini, hətta deyərdim, tələblərini konkret olaraq ortaya qoydu”, - deyə S.Seyidov bildirib.

Azərbaycanın bu gün beynəlxalq aləmin sadəcə passiv iştirakçısı yox, dünyada gedən beynəlxalq proseslərə təsir imkanlarına malik dövlətə çevrildiyini vurğulayan Komitə sədri bildirib ki, Azərbaycan faktiki olaraq beynəlxalq gündəliyi müəyyənləşdirən ölkələrdən biri kimi qəbul edilir. Birləşmiş Millətlər Təşkilatının COVID-19 pandemiyasının müzakirəsinə həsr ediləcək növbədənkənar sessiyanın keçirilməsinə dair bu yaxınlarda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın irəli sürdüyü təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi buna əsasdır. Azərbaycan beynəlxalq səviyyədə öz mövqeyini nəinki təqdim və müdafiə etmək, o cümlədən mövqeyimizi müdafiə və qəbul etdirmək səviyyəsinə yüksəlib. Deməli, Azərbaycanın beynəlxalq ictimaiyyətdən də, beynəlxalq qanundan da, beynəlxalq qanunu müdafiə edən təşkilatlardan da istəyi dəyişməlidir. Bu dəyişikliklərin tələbi ilə dünən Prezident İlham Əliyev bir neçə istiqamətdə Azərbaycan ictimaiyyətinə fikirlərini çatdıraraq, dünyaya da öz sözünü konkret olaraq dedi.

Azərbaycanın bu gün faktiki olaraq iki cəbhədə - 30 ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bir neçə ay bundan əvvəl təkcə Azərbaycana deyil, bütün dünyaya hücum etmiş yeni koronavirus ilə müharibə aparması heç kim üçün sirr deyil. Hər ikisi milli təhlükəsizliyimizə, müqəddəratımıza, xalqın mövcudluğuna, sağlamlığına və təbii ki, gələcəyinə ciddi təsir göstərən və təhlükə ehtiva edən düşməndir. Bu nöqteyi-nəzərdən pandemiya ilə bağlı Azərbaycanın gördüyü işlər Prezident İlham Əliyevin çıxışında geniş təhlil olunub, həll yolları Azərbaycan ictimaiyyəti ilə yanaşı, dünyaya da təqdim edilib. Bu fikirlərin birmənalı olaraq Azərbaycan ictimaiyyəti, türk dünyası, Qoşulmama Hərəkatı, ÜST, eləcə də BMT tərəfindən qəbul olunması artıq əksini tapmaqdadır. Nə qədər çətin olsa da, bu müharibədə Azərbaycanın bəyan etdiyi birlik şüarı dünya tərəfindən birmənalı nəzərə alınır və həyata keçirilir.

Dağlıq Qarabağla bağlı isə beynəlxalq səviyyədə xüsusi təhlilə ehtiyacı olan bir vəziyyət hökm sürür. Məlumdur ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq qanun çərçivəsində həll olunmasının tərəfdarıdırlar. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Avropa Şurasının 1416 saylı sənədi, Avropa Parlamentinin və Avropa İttifaqının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər qurumların rəsmi sənədləri də bunu sübut edir. Lakin adıçəkilən sənədlərin implementasiyasına gəldikdə, biz bir durğunluq, mövqesizliklə qarşılaşırıq. Misal üçün, Avropa Parlamentinin son iclasında Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü ilə bağlı sənədin qəbul edilməsi əslində bu münaqişə ilə məşğul olan qurumlara bir dəstək, stimul yaratmalı idi ki, onlar yüksək səviyyədə qəbul olunmuş sənədlərin münaqişə zəminində istifadə olunmasına başlayıb bu faciəni beynəlxalq qanun çərçivəsinə yönəltsinlər. Lakin bu, indiyədək baş vermir və bunu xüsusilə ATƏT-in Minsk qrupuna aid etmək mümkündür.

Hesab edirəm ki, məhz buna görə Prezident İlham Əliyev çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid etmişdir. Bu obyektiv və həqiqəti əks etdirən faktlara yönələn tənqid Minsk qrupunun həmsədrlərini ciddi şəkildə düşünərək, cənab Prezidentin sözlərini təhlil etmək ehtiyacını labüdləşdirir. Çünki beynəlxalq səviyyəli davranış prinsiplərinə riayət edən, aparılan danışıqlara konstruktiv yanaşan, mövqeyi beynəlxalq səviyyədə dəstəklənən və dünya tərəfindən artıq yüksək səviyyədə qəbul olunan Azərbaycanın mövqeyi ATƏT-in Minsk qrupu səviyyəsində də nəzərə alınmalı idi. Təəssüf ki, biz bunun əksinin şahidi oluruq. Ədalətli mövqe ya susdurulur, ya da ona qarşı biganəlik müşahidə edilir, bəzi hallarda isə tamamilə mövcud vəziyyəti əks etdirməyən davranış göstərilir.

ATƏT-in Minsk qrupu faktiki münaqişənin həlli istiqamətində fəaliyyət göstərmək əvəzinə susmaqla, Ermənistanın istədiyi və çalışdığı bir məsələni sanki həyata keçirir. Bu mövcud status-kvonun saxlanılmasıdır. Paradoksal bir vəziyyət yaranır, çünki mövcud vəziyyətin, yəni, status-kvonun mütləq dəyişdirilməsini bəyan edən bu qurum sözügedən statusun sanki saxlanılması ilə bağlı fəaliyyət göstərir. Hətta Ermənistanın açıq şəkildə həyata keçirdiyi silsilə təxribatlara, o cümlədən Dağlıq Qarabağın Ermənistanın bir hissəsi elan edilməsinə, danışıqlara qondarma Dağlıq Qarabağ separatçılarını qoşulma cəhdlərinə, qeyri-qanuni qondarma rejimin Şuşadakı tədbirlərinə, inauqurasiyanın keçirilməsinə, Azərbaycan torpaqlarında xaricdən gələn insanların yerləşdirilməsinə, Dağlıq Qarabağda və onun ətraf rayonlarında iqtisadi fəaliyyətlə məşğul olunmasına susaraq, Ermənistanın siyasətinə göz yumaraq dəstək verir.

Bütün bu sadalananlar münaqişəni həll etmək mandatına sahib, vasitəçi rolunu və missiyasını həyata keçirən bir qurumun fəaliyyətində qəti şəkildə yolverilməz məsələlərdir. İş o yerə gəlib çıxıb ki, Prezident İlham Əliyev demişkən, ATƏT-in Minsk qrupu dünyanın problemlərinə real cavabdehlik daşıyan BMT-nin Nizamnaməsinə zidd davranışlar nümayiş etdirir. Dünən cənab Prezident öz çıxışı ilə açıq şəkildə, heç kimdən çəkinmədən Azərbaycanın mövqeyini bir daha həm ölkə vətəndaşlarının, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması mümkün deyil, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, vətəndaşlarımız tarixi torpaqlarına qayıtmalı və beynəlxalq qanun bərqərar olmalıdır! Bu prinsiplər əsasında Minsk qrupunun həmsədrləri də öz işlərində dönüş yaradıb, Ermənistanın konstruktivlikdən uzaq, təxribatçı siyasəti ilə bağlı münasibətlərini bildiməlidirlər. Əks halda bu danışıqların aparılmasının heç bir mənası qalmır.

“Öncədən başa düşmək lazımdır ki, Ermənistan öz münasibətini və siyasətini çətin dəyişsin. Faşist ideologiyasına rəğbətlə yanaşan, Xocalı soyqırımını törədən, qaçqın və məcburi köçkün problemini Azərbaycanda pik həddə çatdıran siyasət öz daxilində hər hansı bir dəyişikliyi etmək iqtidarında deyil. Lakin onlarla bir başa təmasda olan həmsədrlər, nəticə çıxarmalı və dərk etməlidirlər ki, Azərbaycanın bu danışıqlarda iştirak etmə səbəbi, beynəlxalq qanuna və bu qanunun keşiyində dayanmaq missiyasını daşıyan təşkilatlara hörmətlə yanaşmasından irəli gələn məsələdir.

Bu gün Azərbaycanın hər hansı danışıqlarda iştirakı onun ehtiyacından çox bir dövlət kimi potensialının, mövqeyinin, gücünün, təsir imkanlarının, rolunun və əlaqələrinin, eləcə də qüdrətinin, mərhəmətinin insansevərliyinin və humanist mahiyyətinin əlamətidir. Beynəlxalq qanunun müdafiəsini özündə bir ali məqsəd kimi tətbiq etmə səlahiyyətinə malik olan təşkilat məhz bu səlahiyyətləri həyata keçirə bilmirsə, bu qurumla danışıqların aparılmasının heç bir mənası yoxdur.

Dünya ciddi şəkildə dəyişir, etiraf edək ki, bu gün gedən proseslər tamamilə başqa geosiyasi mənzərə yaradır. Bu mənzərə içərisində Azərbaycanın mövqeyi haqlı, açıq, dürüst və ədalətlidir. Bu mövqeyə dəstək verən hər hansı bir beynəlxalq təşkilat, qurum və ya ölkə son nəticədə öz-özünə kömək edib, dünyada baş verən mürəkkəb prosesləri tənzimləmə səviyyəsinə yüksəlir. Yox əgər onlar yenə də bulanıq suyun içərisində ikili standartlardan, ədalətsizlikdən, tərəf saxlamaqdan, şəxsi maraqlardan və hər hansı başqa kiçik çərçivədə olan məqsədlərdən əl çəkə bilmirlərsə, bizim onlarla yollarımız ayrılacaq.

Bu fikir heç də Azərbaycanın hər hansı bir beynəlxalq təşkilatdan üz döndərmək və ya çıxmaq niyyətində olması demək deyil. Əsla yox! Bu gün dünyanın 193 ölkəsinin təmsil olunduğu BMT Baş Assambleyasının üzvlərinin 130-dan çoxu dövlətimizi dəstəkləyirsə, deməli Azərbaycan dünyanın nüfuzlu təşkilatlarından yuxarıda sadaladığım mənfi fikirlərin daşıyıcılarını ifşa etmək, kənarlaşdırmaq və nəticədə çıxarmaq iqtidarındadır. Ermənistanın özünü inkar edərək Azərbaycanın təşəbbüsünə “yox” deməsi məhz bunun bariz nümunəsidir. Bu səbəbdən də bizim siyasətimiz Prezident İlham Əliyevin strateji hədəflərini müəyyən edən sonuncu çıxışından irəli gəlməlidir. Bu yeni, güclü, açıq və cəsarətli siyasət, əminəm ki, öz bəhrəsini verəcək”, - deyə S.Seyidov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.