MƏDƏNİYYƏT


Bu gün Azərbaycanın novator teatr rejissoru Vaqif İbrahimoğlunun anım günüdür

Bakı, 12 may, AZƏRTAC

Bu gün Azərbaycanın yenilikçi rejissoru, fərqli poetikaya məxsus Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun anım günüdür.

AZƏRTAC xəbər verir ki, bu gün ölümündən 11 il ötən Vaqif İbrahimoğlu ölkəmizdə fərqli və qeyri-adi üslub olan “Psixosof” (ruhun hikməti) poetikası üzrə teatr yaradan ilk rejissorlardandır. Tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu 2011-ci il mayın 12-də, ömrünün 62-ci ilində vəfat edib.

Vaqif İbrahimoğlu 1949-cu il oktyabrın 18-də Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib.

Əmək fəaliyyətinə 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi başlayan Vaqif İbrahimoğlu 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, həmçinin 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində də fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, eləcə də Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən “Yuğ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb və yaratdığı “Yuğ” Teatr-Studiyası 1992-ci ildə dövlət statusu alıb.

Vaqif İbrahimoğlu Azərbaycan Dövlət “Yuğ” Teatrında 1989-cu ildən həyatının sonunadək 90-a yaxın tamaşaya quruluş verib və bir çox filmlərdə fərqli obrazlar canlandırıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə xeyli tələbə yetişdirib. Onun tələbələri arasında bu gün ölkə üzrə müxtəlif teatrlarda istedadı ilə seçilən xeyli sayda aktyor və rejissorlar var.

Müxtəlif illərdə fərqli teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adı, “Qızıl Dərviş” mükafatı laureatı və eləcə də ADMİU-nun dosenti olan rejissor 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Qeyd edək ki, 2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu" adlı eksperimental tamaşalar festivalı keçirilib.

Tanınmış novator rejissor, pedaqoq, səmimi insan Vaqif İbrahimoğlunun əziz xatirəsi doğmalarının, sənət dostları, tələbələri və tamaşaçıların yaddaşında əbədi yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.