MƏDƏNİYYƏT
Bu gün “Azərxalça” ASC-nin Şəmkir filialının fəaliyyətə başlamasından 4 il ötür
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biri hesab olunur. Azərbaycanın milli-mədəni vəsiqəsi olan xalça, eyni zamanda, ümumbəşəri dəyərdir. Çoxəsrlik ənənələri olan xalçaçılıq sənəti haqlı olaraq “Azərbaycan dekorativ-tətbiqi incəsənətinin incisi” hesab edilir.
Azərbaycanın hər bölgəsi özünəməxsus xüsusiyyətləri ilə səciyyələnən xalçaları və xalça məmulatları ilə məşhurdur. Azərbaycanda yerli xalçaçılıq məktəbləri bir-birini zənginləşdirən və tamamlayan qarşılıqlı təsir gücünə malikdir.
Hazırda Azərbaycanın əsas xalçaçılıq mərkəzi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətidir. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaranmışdır. “Azərxalça”nın əsas məqsədi ənənəvi xalq üsulu ilə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalçaçılıqda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. Respublika ərazisində ənənəvi xalq üsulu ilə xalça toxunmasının kütləvi şəkildə təşkili Cəmiyyətin ilk və əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə respublikanın rayonlarında filialların – emalatxanaların yaradılması işinə başlanılmışdır. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilir. 2016-2018-ci illər ərzində “Azərxalça” ASC-nin Füzuli, Ağdam, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Qazax, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Lənkəran, Qobustan, Şabran, Cəbrayıl, Kürdəmir, Tərtər, Goranboy, Naxçıvan, Abşeron, Nardaran filialları yaradılmışdır. Bu emalatxanalarda çox sayda işçinin işlə təmin olunması üçün imkan var. Qeyd edək ki, filiallar yaradılarkən hər bir rayonun məhz yerli kadr potensialı əsas götürülür.
“Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib k, bu gün ASC-nin Şəmkir filialının fəaliyyətə başlamasının 4 ili tamam olur. Ümumi sahəsi 1100 kv. metr olan filial binasında 100-ə yaxın toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışır. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur və əsasən Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal “Gəncəbasar” xalça çeşnilərinə üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.
Ölkə başçısı İlham Əliyevin filialın açılış mərasimində söylədiyi fikirlər kollektivə ruh verməklə yanaşı, həm də onların üzərinə böyük məsuliyyət qoyub: “Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçaçılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız. Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var”.
Ötən 4 il ərzində filialın kollektivi dövlət başçımızın xalçaçılara göstərdiyi diqqət və qayğıya əməli işlə cavab vermək üçün səylə və səmərəli fəaliyyət göstərib, qədim Azərbaycan çeşniləri əsasında orijinal xalçalar toxuyub.