CƏMİYYƏT
Bu gün Bakıda 503 küçə yuyulub
Bakı, 21 may, AZƏRTAC
Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq, mayın 21-də paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 503 əsas küçə və prospektinin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda, genişmiqyaslı təmizlik-abadlıq işləri həyata keçirilib.
Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər mütəmadi davam etdiriləcək və görülən işlər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.