CƏMİYYƏT


Bu gün Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur

Bakı, 29 iyul, AZƏRTAC

Hər il iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Bu gün 2010-cu ilin noyabrında Sankt-Peterburqda pələnglərin qorunması məsələləri üzrə hökumət başçılarının iştirakı ilə keçirilən “Pələng sammit”ində təsis olunub. Pişikkimilər fəsiləsinin növü olan pələngin sayı, təəssüf ki, son yüzillikdə getdikcə azalıb.

AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.

O qeyd edib ki, Azərbaycanda isə pələngə (Turan pələngi) 1932-ci ilə qədər ölkəmizin əsasən cənub hissəsindəki düzənlik meşələrdə, Kür-Araz ovalığında rast gəlinib. Hazırda Turan pələngi yer üzündən silinmiş yarımnövlər siyahısına daxildir: “Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında pişikkimilər fəsiləsindən olan bəbirin mühafizəsi xüsusi yer tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun ölkə ərazisində pişikkimilərin populyasiyasının bərpası proqramı çərçivəsində keçirdikləri monitorinqlər zamanı ölkənin müxtəlif areallarında bəbirlərin sayında artımın müşahidə olunduğu və davamlı populyasiyasının yarandığı fototələlər vasitəsilə sübuta yetirilib”.

Xidmət rəsmisinin sözlərinə görə, son illərin tədqiqatları Azərbaycanda bəbir populyasiyasının Hirkan meşələri, Naxçıvan Muxtar Respublikasının ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yayıldığını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.