REGİONLAR
Bu gün “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin təntənəli açılış mərasimi olacaq
Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin bu gün təntənəli açılış mərasimi olacaq.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri və onun rəhbərlik etdiyi nümayəndə heyəti, bir sıra dövlət və hökumət təmsilçiləri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcək, çıxışlar dinləniləcək.
Sonra qonaqlar Heydər Əliyev Park Kompleksində Novruz bayramı münasibətilə təşkil olunan ümumşəhər tədbirinə qatılacaqlar. Tədbirdə kompleksin Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanın sağ və sol hissələrində quraşdırılan pavilyonlarda Gəncə şəhərinin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri nümayiş olunacaq. Şəhərin bütün idarə, təşkilat və müəssisələrinin hər birinin ayrıca guşə ilə təmsil olunacağı mərasimdə iştirakçılara Gəncə mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və müxtəlif şirniyyatlar təqdim ediləcək.
Layihənin açılış mərasimində daha çox Novruz bayramının atributlarına üstünlük veriləcək. Gəncədə fəaliyyət göstərən teatrlar, incəsənət və yaradıcılıq mərkəzləri, eləcə də folklor və musiqi kollektivləri tədbirin daha da yaddaqalan olması üçün səhnələşdirilmiş musiqi proqramı ilə çıxış edəcəklər.
Təntənəli açılış mərasiminə günün ikinci yarısında Heydər Əliyev Park Kompleksindəki amfiteatrda möhtəşəm konsert proqramı ilə yekun vurulacaq.