İDMAN
Bu gün Konfederasiyalar kuboku turnirinin daha iki yarımfinalçısı müəyyənləşəcək
Bakı, 25 iyun, AZƏRTAC
Futbol üzrə Konfederasiyalar kubokunun “B” qrupunda bazar günü keçiriləcək iki oyunla yarımfinala vəsiqə qazanan daha iki komanda müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, qrup turnirində Çili-Avstraliya və Almaniya-Kamerun qarşılaşmaları oynanılacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu qrupda yer alan Çili və Almaniya komandalarının iki turdan sonra 4, Avstraliya və Kamerun millilərinin isə 1 xalı var. Cənubi Amerika çempionunun yarımfinala çıxması üçün heç-heçə oynaması, yaxud iki və ya daha böyük fərqlə uduzmaması kifayət edir. Turnirdə yaxşı oyun göstərərək Kameruna 2:0 hesabı ilə qalib gələn və Almaniya ilə heç-heçə (1:1) oynayan Çili millisi nəinki qarşıdakı oyunun, ümumilikdə turnirin favoriti sayılır.
Xatırladaq ki, “A” qrupundan yarımfinala hər biri 7 xal toplayan Portuqaliya və Meksika komandaları vəsiqə qazanıblar.
Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşması iyulun 2-də keçiriləcək.