REGİONLAR
Bu gün Od çərşənbəsidir – İsmayıllıdan reportaj VİDEO
İsmayıllı, 28 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə”, “ocaq çərşənbəsi”, yaxud “addı çərşənbə” də deyilir.
AZƏRTAC xəbər verir ki, xalqın mifologiyasında xüsusi yer tutan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
İsmayıllı sakinləri də bu ənənələri bu günə kimi yaşadır, tonqal qalayır, müxtəlif mərasimləri yerinə yetirirlər. Rayon mərkəzi də daxil olmaqla, ucqar kəndlərdə Od çərşənbəsi özünəməxsus şəkildə qeyd edilir. Lahıc qəsəbə sakini Sahibə Abdullayeva deyir ki, Od çərşənbəsi onlarda çox maraqlı keçir: “Bizim Lahıcda Od çərşənbəsində Niyal dağından gətirdiyimiz kürü-mürü (ardıç – red.) dediyimiz ağac budaqları yandırılır. Bunun üçün hündür bir yerdə mərasim təşkil olunur. Həmin ağacın budaqları yananda ocaqdan ətrafa qəribə xoş ətir yayılır”.
İsmayıllı sakini Şaxanım Səfərova isə bildirir ki, Novruz çərşənbələrində evlərdə qovurğa qovrulur, yuxa yayılır, qutab, şəkərbura, paxlava və s. bişirilir. “Təndirə qoğal yapırıq, şor qoğalı, şirin qoğal. Eləcə də tonqal qalayırıq, qız-gəlinlərimiz tonqal yanında yallı gedir, igidlərimiz at çapırlar. Deyirik, “Ağırlığımız-uğurluğumuz qalsın keçmişdə, köhnə ildə”. İstəyirik, o adət-ənənəmizi qoruyaq, saxlayaq”.
Od çərşənbəsinin mədəniyyətimizdəki önəmindən danışan İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova deyir ki, gözəllik, nur, işıq, bərəkət rəmzi olan Novruz bayramı digər bölgələrdə olduğu kimi, doğma Azərbaycanımızın incisi sayılan İsmayıllıda da yüksək səviyyədə qeyd edilir. “Bu gün Azərbaycanda Od çərşənbəsidir. Tarixən insanlar odu müqəddəs sayıb, onun insanı hər cür pislikdən, şərdən təmizləyəcəyinə inanıb, Xeyirin qələbə çalmağının rəmzi kimi baxıblar”, - deyə o əlavə edib.
Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər tez oyanarmış.
Qeyd edək ki, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-sidir. Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.