İDMAN


Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyuna çıxacaq

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu İsraildə Təl-Əvivin “Makkabi” klubunun qonağı olacaq.

“Blumfild” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın əsas hakimi Con Biton olacaq. Ona Frensis Konor və Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən “Makkabi”yə qarşı oynamayacaq.

Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək “Qarabağ” cari mövsüm Avrokubok mübarizəsinə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayıb. Birinci raundda Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), növbəti mərhələdə isə Moldovanın “Şerif” klubunu (2:1) keçən “köhlən atlar” növbəti oyunda Norveçin “Molde” kollektivinə penaltilər seriyasında uduzaraq, UEFA Avropa Liqasının pley-off mərhələsinə düşüb. Burada isə Polşanın “Legiya” klubunu səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.

“Qarabağ” kimi “Makkabi” də UEFA Avropa Liqasının qrupuna Çempionlar Liqasından gəlib. Birinci təsnifat mərhələsində Latviyanın “Riqa” komandasını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca “Suduva” (Litva) (3:0) və “Dinamo Brest”i (Belarus) (1:0) məğlub edərək pley-offa yüksəlib. Bu raundda Avstriyanın “Zaltsburq” komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa UEFA Avropa Liqasının qrupuna vəsiqə əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.