Bu gün Şəhriyar Məmmədyarov “Superbet Chess Classic”də sonuncu görüşünü keçirəcək
AzerTAg.az
Bakı, 14 may, AZƏRTAC
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gələcək. Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov 1, 5, 8-ci turlarda ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub. Digər turlarda macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, 7-ci turda isə rusiyalı Yan Nepomnyaşini (FIDE) məğlub edib.
Şahmatçımız hazırda 3 xalla R.Rapportla birlikdə 9-10-cu pillələri bölüşür. Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.
Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Xəbərin mətnində orfoqrafik səhv var