CƏMİYYƏT
Bu gün Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür
Bakı, 17 iyun, AZƏRTAC
17 iyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.
AZƏRTAC xəbər verir ki, bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiya qəbul edilib. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.
Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji problemdir. Yer səthinin üçdə biri deqradasiyaya uğrayıb. Bu isə 1 milyarddan çox insanın sağlamlığını və yaşayışını təhdid edir.
Torpağın deqradasiyası və iqlim dəyişikliyi ilə şiddətlənən quraqlıqlar hər il 55 milyon insana təsir edir. 2050-ci ilə qədər quraqlıqların dünya əhalisinin təxminən dörddə üçünə təsir edəcəyi proqnozlaşdırılır.
Bu il Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar geniş miqyasda tədbirlər İspaniyanın Madrid şəhərində keçiriləcək.
Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Hər il bir deviz altında keçirilən Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününün builki mövzusu “Quraqlığa ümumi vasitələrlə qalib gəlmək”dir.