REGİONLAR


Bu gün Vətən müharibəsi şəhidi Elburus Yusifovun doğum günüdür VİDEO

Bakı, 12 may, AZƏRTAC

Bu gün Murov istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olan Elburus Yusifovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun kiçik çavuşu Elburus Yusifov 1985-ci il mayın 12-də Ermənistanla sərhəddə yerləşən Tovuzun Ağdam kəndində doğulub boya başa çatıb. Uşaqlıq illərindən düşmən xislətinin canlı şahidi olub. Elburus vətənə bağlı igid kimi yetişib. Onun Vətənin keşiyində durmaq, hərbçi olmaq qərarını ailəsi hörmətlə qarşılayıb.

Elburus Yusifov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində savaşa atılıb. O, 12 il hərbçi kimi Vətən torpaqlarının keşiyini çəkib. Kənd məktəbində işləmiş atası Şəmsi müəllim oğlunun vətənə, elə-obaya bağlı gənc olmasından danışır. “Orta məktəbdə oxuyandan hərbiyə böyük maraq göstərdi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra kiçik komandirlər məktəbinə daxil oldu. İşlədiyi dövrdə medallarla təltif olunub. Mən bir ata kimi oğlumun şəhid adı ilə fəxr edirəm. Ona görə fəxr edirəm ki, oğlum Ali Baş Komandanımızın əmrinə müntəzir oldu. İşğal altında olan Vətən torpaqlarının azad olunmasında iştirak etdi”, - deyə şəhid atası Şəmsi Yusifov bildirib.

İyul döyüşləri Elburus üçün daha önəm daşıyıb. O doğma Ağdam kəndi istiqamətində düşmənin təxribatının qarşısının alınmasında döyüşlərin iştirakçısı idi. Vətən müharibəsi başladıqda isə artıq o, xidmətini Kəlbəcər-Murovdağ istiqamətində davam etdirib...

Elburusun iki oğul övladı – Elmidar və Şəmsi vətənə əmanət qalıb. Hər ikisi 5-ci sinifdə oxuyurlar. “Elburus vətənpərvər idi. Vətənə sevgisi olan biri idi. Döyüş yoldaşlarının deməyinə görə döyüşə gedəndə özünü birinci dəstədə yazdırıb. Ailəcanlı oğul idi. Bir sözümü iki etməzdi”,- deyir anası Kifayət Yusifova.

İyul döyüşlərində Elburusun xalası oğlu Elşad Məmmədov şəhid olur və bu onda düşmənə qarşı nifrəti daha da artır və nəticədə onun qisasını alır. Elə onun özünün də qisası alınır və qanı yerdə qalmır. Düşmənin başı əzilir, 44 günlük savaş qələbə ilə başa çatır.

Ən çox ünsiyyətdə olduğu, telefonla əlaqə qurduğu isə kiçik qardaşı Hikmət olub. “Onun hərbi vəzifəsi manqa komandiri, kəşfiyyatçı olub. Şəhidlik zirvəsinə ucalmamışdan qabaq ikinci taborda olmalı idi, ancaq o könüllü qabağa çıxaraq döyüşə gedəcəyini bildirib. Onlar tağımda 32 nəfər olublar. Onların hər biri son gülləsinə qədər döyüşərək şəhidlik zirvəsinə ucalıblar”, - deyə qardaşı Hikmət Yusifov əlavə edib.

Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapılmayıb. 2020-ci il dekabrın 21-də Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.