REGİONLAR


Bu gün Vətən müharibəsi şəhidi Fazil Məmmədlinin doğum günüdür VİDEO

Ağstafa, 18 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsinin igid qəhrəmanlarının hər biri, şanlı tarix yazan şəhidlərimiz əbədi olaraq qəlblərdə özlərinə yer tutub. Onlar hər an xatırlanır və xatırlanmalıdır. Qarabağ Zəfərini məhz onlar bizə bəxş edib.

AZƏRTAC xəbər verir ki, bu gün Vətən müharibəsi şəhidlərindən Fazil Razim oğlu Məmmədlinin doğum günüdür.

Fazil Məmmədli 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində dünyaya göz açıb. Orta məktəbdə təhsilini başa vurduqdan sonra o, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələrinin Qazax şəhərində yerləşən “N” saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib.

2020-ci ildən snayperçi olaraq xüsusi qrupa daxil olub. Vətən müharibəsində Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Bacısı Günay Məmmədli onu cəsur, vətənpərvər bir qardaş kimi xatırlayır. “Oktyabrın 9-da bizimlə görüşməyə gəlmişdi. Elə bu, son görüşümüz oldu. Oktyabrın 11-də səhər saatlarında bizə zəng edib hər birimizdən halallıq istədi”, - deyə bacısı G.Məmmədli bildirib.

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Fazil yaşadığı qəsəbədə igid, vətənpərvər biri kimi tanınıb. Uşaqlıqdan hərbi sahəyə marağının olduğunu deyən anası bildirib ki, bu sahəni seçməsində də ona heç kəs mane olmayıb. “Ən çox meyli snayperə idi. Snayperçi olmaq istəyirdi. Çox vətənpərvər oğul idi. O, hərbi işə düzələndə generalımız Polad Həşimovun qanını yerdə qoymayacağını, qisasını alacağını bildirirdi”, - deyə şəhidin anası söyləyib.

Fazil Məmmədli oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunda dəfn edilib. Yaşasaydı, bu gün 23 yaşı tamam olacaqdı. Ailənin tək oğul övladı olan Fazil həm də subay idi. Fazil qısa və şərəfli ömrü ilə özündən sonra gələn nəsillərə bir qəhrəmanlıq dastanı qoyub getdi. Təkcə qohum-əqrəba deyil, indi hər kəs onunla, bütün şəhidlərimizlə fəxr edir: tarix yazan, Qarabağ Zəfərini bizlərə yaşadan şəhidlərimizlə...

“Evlənməyə hazırlaşırdı. Anası gizli-gizli qız axtarırdı. Deyirdi, müharibə qurtarsın Fazili evləndirək. Arzuları gözündə qaldı. Atası oğlunun yoxluğuna dözməyərək vəfat etdi”, - deyə xalası Məqsudə Məmmədova bildirib.

Fazil Razim oğlu Məmmədli Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.