REGİONLAR


Bu gün X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Qəbələ, 30 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında X Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

Proqrama uyğun olaraq, bu gün axşam saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunacaq. Konsertdə gənc pianoçuların və musiqiçilərin ifasında Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.

Axşam 21:00-da isə musiqisevərlər açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konsertini izləyəcəklər.

Ertəsi gün, iyulun 31-də axşam saat 21:00-da X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə reallaşacaq konsertdə pianoda Xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.