MƏDƏNİYYƏT


Bu gün Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür

Bakı, 7 may, AZƏRTAC

Elə şairlər var ki, onların şeirləri yazıldığı ilk gündən dillər əzbəri olur. Musa Yaqub da belə şairlərdəndir. Onun mənalı, dillər əzbəri olan şeirlərini gənclər də çox sevir, orta və yaşlı nəsil də. Musa Yaqubun poeziyası harmoniyası, ritmi və ahəngdarlığı ilə xalq ruhunun tərənnümüdür.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür. Xalq şairi 2021-ci il mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib. Yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun Filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.