SİYASƏT
Bu gün dövlətçiliyimizin sükanı etibarlı əllərdədir
Astara, 14 iyun (AZƏRTAC). Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər 21 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açaraq həmin dövrdə ölkəyə rəhbərlik edən AXCP-Müsavat iqtidarının səriştəsizliyi, siyasi naşılığı nəticəsində müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsinin yarandığını, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin düçar olduğu bəlalardan qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunmuş, Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə ulu öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz. Dövlətçiliyimizin sükanı bu gün də etibarlı əllərdədir.