İDMAN


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Bakı, 16 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Birinci dövrənin son turu Bakıda start götürəcək. “ASCO Arena”dakı açılış matçında “Səbail” klubu “Keşlə” komandasını qəbul edəcək. Hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan kollektivlərdən meydan sahibləri 6 xalla 6-cı, rəqibindən iki xal az toplayan qonaqlar isə 7-ci yerdə qərarlaşıblar.

Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv, 4-də Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanıb. Dörd oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də “dənizçilər”in üstünlüyü var - 17:13. “Keşlə” son 7 oyunda yalnız bir qələbə qazanıb. “Səbail”in son 3 ev matçı heç-heçə ilə nəticələnib.

Günün digər oyunu Qəbələdə yerli komanda ilə “Zirə” arasında olacaq. Altı turdan sonra hər iki kollektivin 11 xalı var. “Qırmızı-qaralar” 3-cü, “qartallar” isə 4-cü sırada qərarlaşıb.

İki komanda arasında bunadək baş tutmuş 23 çempionat oyununda əyalət təmsilçisi 7, paytaxt klubu 5 qələbə qazanıb. On bir qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də meydan sahiblərinin xeyrinədir – 26:20. Son 4 görüşün üçündə heç-heçə qeydə alınıb. “Qəbələ” son 9 ev matçında rəqibinə uduzmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.