İDMAN


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna start verilir

Bakı, 13 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk matçı Sumqayıtda oynanılacaq. Şəhərin eyni adlı komandası Azərbaycan Kuboku uğrunda turnirdə mübarizədən kənarlaşdırdığı “Səbail” klubunu qəbul edəcək. Paytaxt klubu 14 oyundan sonra 13 xalla 6-8-ci yerləri bölüşdürür. “Gənclik şəhəri”nin təmsilçisi isə 19 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Hər iki kollektiv beş dəfə qələbə qazanıb. İki görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində “Səbail” minimal üstünlüyə sahibdir - 12:11. “Sumqayıt” rəqibinə qarşı son üç oyunda meydanı qolsuz tərk etməyib. Qonaqlar səfərdəki son üç matçda qol vurmağı bacarıb.

Günün digər qarşılaşmasında Azərbaycan derbisi baş tutacaq. Son ölkə çempionu “Qarabağ” ən yaxın izləyicisi olan “Neftçi”ni qəbul edəcək. Ağdam klubu 29 xalla liderdir, flaqman isə rəqibindən 2 xal geri qalır. Meydan sahiblərində zədəli Filip Ozobiç, qonaqlarda kollektivə gec qoşulan Yusuf Laval meydana çıxmayacaq.

Komandalar Azərbaycan çempionatlarında 81 dəfə qarşılaşıblar. Otuz oyunda "köhlən atlar", 21-də isə "ağ-qaralar" qələbə qazanıblar, 30 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində də “Qarabağ”ın aşkar üstünlüyü var - 91:73. “Qarabağ” çempionatda rəqibinə qarşı son beş oyunun yalnız birində qol buraxıb. “Neftçi” isə son 7 matçda bir qələbə qazana bilib.

Tura fevralın 14-də “Qəbələ” - “Keşlə” və “Zirə” - “Sabah” oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.