İDMAN


Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start veriləcək

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, turun açılış matçı Qəbələ şəhər stadionunda baş tutacaq. Şəhərin eyni adlı təmsilçisi doğma azarkeşlər önündə autsayder “Keşlə”ni qəbul edəcək. Qonaqlar ötən tur evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etməklə qış fasiləsindən sonra ilk qələbələrini qazanıblar və son pillədən qurtulublar. Ancaq 15 xalla 6-cı sırada olan paytaxt klubu sonuncu yerdəki “Zirə”ni cəmi 1 xal qabaqlayır. “Qəbələ” isə 23 xalla 4-cü yerdədir.

“Qəbələ” və “Keşlə” indiyədək ölkə çempionatlarında 42 dəfə qarşılaşıblar. “Qırmızı-qaralar” bunlardan 12-də qalib gəldikləri halda, 14-də uduzublar. Əyalət təmsilçisi bu rəqiblə son 9 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 görüşdə hər iki komanda qol vurub. “Keşlə” 13 matçdır “Qəbələ”yə qalib gələ bilmir. Kollektivlərin ilk dövrədə Qəbələdə baş tutan duelində heç-heçə qeydə alınıb – 1:1. Bakıdakı görüşdə isə qonaqlar 2:1 hesabı ilə üstün olublar. Oyunun baş hakim funksiyası Rəşad Əhmədova tapşırılıb.

On səkkizinci turun birinci gününə saat 16:30-da oynanılacaq matç ilə yekun vurulacaq. Debütant “Sabah” doğma “Əlincə Arena”da son çempion “Qarabağ” ilə münasibətlərə aydınlıq gətirəcək.

Hazırda 20 xalla 5-ci yerdə qərarlaşan meydan sahibləri son 2 matçda uduzublar. Qonaqlar isə əksinə, qış fasiləsindən sonra 38 xalla lider olan “Neftçi” ilə 1:1 hesablı heç-heçə etməklə xal itiriblər. Ağdam təmsilçisi 37 xalla 2-ci sıradadır.

İlk dövrədəki qarşılaşmalarda eyni sayda – 2 top vurulub. “Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1.

Fevralın 24-də saat 16:00-da turnir cədvəlinin hazırkı lideri “Neftçi” klubu “Bakcell Arena”da “Səbail” komandasını qəbul edəcək. Matçın idarə olunması Orxan Məmmədova həvalə edilib.

Turun sonuncu və mərkəzi qarşılaşması “Kapital Bank Arena” stadionunda oynanılacaq. “Zirə səfərdə “Sumqayıt”ın qonağı olacaq. Saat 18:30-da start götürəcək oyunda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Turun bütün görüşləri “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 37 xalla ikinci, aktivində 27 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Qəbələ” (23), “Sabah” (20), “Keşlə” (15), “Sumqayıt” (15) və “Zirə” (14) qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.