İDMAN


Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək

 

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, hər iki görüş bu gün oynanılacaq.

Mərhələnin ilk oyunu Qəbələdə təşkil olunacaq. Şəhərin eyniadlı komandası Topaz Premyer Liqanın lideri “Qarabağ”ın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri dörddədir finalda “Sabah”ı, Ağdam təmsilçisi isə kubokun son qalibi “Keşlə”ni mübarizədən kənarlaşdırıb. Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşəcək. Komandalar indiyədək 3 dəfə dörddəbir final, bir dəfə finalda üz-üzə gəliblər. Üç dəfə Ağdam təmsilçisi, bir dəfə isə meydan sahibləri dueldən qalib ayrılıb. Dörd dueldəki 7 oyundan beşi heç-heçə ilə yekunlaşıb. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var - 6:5.

Digər yarımfinal qarşılaşmasında isə “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Qəsəbə klubu bundan öncəki raundda “Səbail”i, “gənclikşəhər” təmsilçisi isə “Neftçi”ni kubokdan uzaqlaşdırıb. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər. Hər iki kollektiv Topaz Premyer Liqada uğursuz çıxış etdikləri üçün UEFA Avropa Liqasına vəsiqə üçün yalnız kuboka ümid bəsləyir.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” saat 16:00-da, “Sumqayıt” – “Zirə” görüşü isə saat 18:30-da başlayacaq. Hər iki görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 1-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.