İDMAN
Bu gün futbol üzrə Azərbaycan millisi səfərdə Moldova seçməsi ilə qarşılaşacaq
Bakı, 6 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 6-da futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, millimiz səfərdə Moldova yığmasının qonağı olacaq.
Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu, iki kollektiv arasında sayca 11-ci görüş olacaq. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Moldova millisinə hazırda “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.