MƏDƏNİYYƏT


Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

Bakı, 11 may, AZƏRTAC

Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov 20-ci əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib. Deyilənə görə, yazıçı üçün əsas tanınma onun yaratdığı personajların onun özünü yaşatmasıdır. Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları – böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də onlarla yeni nəsil tanış olmağa davam edir və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun anadan olmasından 87 il ötür.

Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur.

Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olmuşdur.

Maqsud İbrahimbəyov qısa müddət ərzində istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Ötən əsrin altmışıncı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanmışdır. Böyük oxucu dairəsinə malik olan yazıçının əsərləri Ümumittifaq səviyyəsində geniş yayılan “Novıy mir”, “Yunost” və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun pyesləri Moskvanın “Malıy teatr”ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarla teatrda tamaşaya qoyulmuşdur. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunmuşdur. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr vermişdir.

O, özü də aramızda yaşamağa davam edir və onun yaratdığı dünyalar – əbədi yayın hökm sürdüyü Abşeron bağlarının füsunkar səltənəti, Bakının köhnə sarayları-həyatın həmişə qaynadığı "İtalyan" küçələri, torşerlərin yumşaq işığı ilə işıqlandırılan şəhər mənzilləri və onların sakinlərinin məhəbbət və işıqla qarşılıqlı anlaşmaya can atan ümidləri yaşayır…

Maqsud İbrahimbəyovun adını daşıyan mərkəz bir çox müxtəlif tədbirlər, yeni kitabların nəşrini həyata keçirib və "Püstə ağacı" hekayəsi əsasında tamaşanı səhnəyə qoyub.

Görkəmli yazıçı və ictimai xadim Maqsud İbrahimbəyovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.