İDMAN


Bu gün iki karateçimiz dünya çempionatının finalında yarışacaq

Bakı, 10 noyabr, AZƏRTAC

Madriddə keçirilən böyüklər arasında 24-cü dünya çempionatının beşinci günündə - noyabrın 10-da fərdi yarışlarda bürünc və qızıl medallar uğrunda həlledici görüşlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, komandamızın heyətində İrina Zaretska (68 kq) böyüklərin, Sahib Əhədov isə parakarateçilərin yarışında ilk qızıl medallarını qazanmaq üçün tatami üzərinə çıxacaqlar. Milli komandamızın əsas üzvlərindən Rafael Ağayev (75 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Parakarate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycanı bu yarışda bir karateçi - Sahib Əhədov təmsil edir. O, çempionatda 40,5 xal toplayaraq qrup lideri kimi finala yüksəlib. İdmançımızın finaldakı rəqibi İspaniya təmsilçisi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:35-də start götürəcək.

İrina Zaretskanın final görüşündəki rəqibi rusiyalı Viktoriya İsaeva olacaq. Görüş Bakı vaxtı ilə saat 15:21-də başlayacaq.

Rafael Ağayev isə karyerasında ilk dəfə bürünc medala sahib olmaq üçün Özbəkistan təmsilçisi Dastonbek Otobolaevi məğlub etməyə çalışacaq. İdmançımız Bakı vaxtı ilə saat 14:10-da tatami üzərinə çıxacaq.

Qeyd edək ki, kişi karateçilərdən ibarət milli komandamız kumite yarışlarında mübarizə aparır. Millimiz İspaniya, Belarus və Misir yığmalarına qalib gələrək yarımfinala yüksəlib. Türkiyə karateçilərinə məğlub olan seçməmiz bürünc medal uğrunda görüşdə gücünü sınayacaq. Rəqib Yaponiya komandası olacaq.

Qarşılaşma noyabrın 11-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.