REGİONLAR


Bu gün işğaldan azad edilən əzəli və əbədi torpaqlarımızda 30 ildən sonra üçrəngli bayrağımız qürurla dalğalanır

Naxçıvan, 17 noyabr, AZƏRTAC

1988-ci ilin 17 noyabr tarixində azadlıq və istiqlaliyyət arzusunda olan xalq dahi öndər Heydər Əliyevin portretləri ilə meydanlara axışırdı. Ümummilli Lider 1990-cı ilin iyulun 22-də doğma Vətəninə qayıtdığı gündən xalq sevgi və məhəbbətlə onun ətrafında sıx birləşdi. Tarixi qayıdış ilə görkəmli dövlət xadimi Azərbaycanı gözləyən real bəlalardan, təhlükələrdən xilas etdi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atdı.

AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Üçrəngli bayrağımızın qayıdış günü” mövzusunda keçirilən elmi konfransda bu sözləri bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.

17 Noyabr - Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Günə həsr olunan tədbirdəki çıxışında akademik bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyası milli dövlətçilik tariximizdə özünəməxsus yer tutub. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada mühüm tarixi-siyasi əhəmiyyətli qərarlar qəbul edilib, dövlət rəmzləri haqqında məsələ müzakirə olunub. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edilib.

Müstəqilliyimizin rəmzi olan bayrağımızın həmişə uca tutulduğunu, onun qorunması və mühafizəsi ilə bağlı bir sıra qanun və sərəncamların verildiyini deyən bölmə sədri bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyan həmin tarixi sənədlərdən bəhs edib. Bildirib ki, bu istiqamətdə görülən tədbirlərin davamı olaraq Prezident İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında imzaladığı Sərəncam bayrağımıza hörmət və ehtiramın yüksək ifadəsidir.

İsmayıl Hacıyev deyib ki, Naxçıvan Muxtar Respublikasında da dövlət rəmzləri daim təbliğ olunur. 22 avqust 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Həmin sənədə əsasən 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 17-i Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Gün kimi qeyd edilir.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “17 noyabr-üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən işğalından azad edilən əzəli və əbədi torpaqlarımızda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.