MƏDƏNİYYƏT
Bu gün istedadlı aktrisa Fatma Qədrinin doğum günüdür
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi aprelin 14-də Fəxri xiyabanda tanınmış aktrisa, Azərbaycanın Xalq Artisti Fatma Qədrinin (1907-1968) xatirəsini anıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları aktrisanın məzarı önünə tər çiçəklər qoyublar.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov F.Qədrinin həyat və yaradıcılığından danışaraq qeyd edib ki, Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı unudulmaz obrazlarla tamaşaçıların ürəyində silinməz izlər qoymuş aktrisanın nurlu xatirəsi daim yaşayacaq. O diqqətə çatdırıb ki, F.Qədri peşə təhsili almış ilk azərbaycanlı aktrisadır. O, pedaqoji fəaliyyətlə də məşğul olaraq, neçə-neçə istedadlı gənc aktyor nəsli yetişdirib.
Xalq Artisti Rafiq Əzimov deyib ki, F.Qədri milli teatrımızın ən parlaq və görkəmli simalarından biri olub. O, bütün həyatını səhnəyə həsr edib. Onun Azərbaycan mədəniyyətinin inkişafına töhfəsi ölçüyəgəlməzdir.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, aktyorlar, rejissorlar, KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, F.Qədri 1907-ci aprelin 14-də Odessada anadan olub. 1926-cı ildə Bakıda pedaqoji və teatr texnikumlarını bitirib və Bakı Türk İşçi Teatrında çıxış etməyə başlayıb. 1932-ci ildə Bakı Rus Dram Teatrının səhnəsində oynayıb, 1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb. 1968-ci il fevralın 29-da vəfat edib.