CƏMİYYƏT
Bu gün könüllü kimi fəaliyyətə başlayan gənclər gələcəyin uğurlu kadrlarıdır
Bakı, 9 yanvar, Vüqar Qurbanoğlu, AZƏRTAC
Azərbaycan son illərdə bütün dünyada könüllülər hərəkatının mərkəzinə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamında qeyd olunduğu kimi, könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov bildirib.
Gənclər Birliyinin sədri qeyd edib ki, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülər mühüm rol oynayıblar. Azərbaycan Prezidentinin Sərəncamı bu il gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin bərqərar olması üçün yaradılan şansdır. Çünki könüllü kimi fəaliyyətə başlayan hər hansı gənc gələcəyin uğurlu kadrı hesab edilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Ölkəmizdə artıq neçə illərdir ki, könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.
Gənclər Birliyinin sədri öz fəaliyyətini misal kimi göstərərək qeyd edib ki, vaxtilə onun kimi könüllülük fəaliyyətinə başlayan əksər gənclər hazırda dövlət qurumlarında və ictimai təşkilatlarda rəhbər vəzifələrdə çalışırlar. O vurğulayıb ki, Prezident İlham Əliyev daim gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir. Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.