SİYASƏT


Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir

Bakı, 10 oktyabr, AZƏRTAC

Hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad zamanı fəxrlə nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr Ordumuzun imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hərbi təyinatlı məhsulların satışı üzrə müqavilələri ilbəil artır.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında söyləyib.

C.Xəlilov vurğulayıb ki, bu il Bakıda iki dəfə möhtəşəm hərbi paradın keçirilməsi, sadəcə, Azərbaycanın hərbi imkanlarının təqdimatı olmadı. Bu, həm də xalqımızın müdafiə potensialının, gücünün nümayiş etdirilməsi ilə düşmənə ötürülən ən təsirli mesaj idi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

Ehtiyatda olan polkovnik bildirib ki, bu hərbi parad həm də xalqımızın öz ordusu ilə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Belə imkanların yaradılması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir.

Azadlıq meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad isə Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya göstərdi. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib.

“Ordumuzun ən müasir silah və texnika ilə təchiz edilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki imkanları ən yüksək səviyyədədir. Bu il Bakıda “ADEX-2018” üçüncü müdafiə sənayesi sərgisində bir çox aparıcı şirkətlərin uğurla nümayiş etdirdikləri müasir məhsulları bu imkanların getdikcə artdığını göstərir. Hazırda hərbi texnika istehsalında uğurlar əldə edən Azərbaycan hərbi potensialını yüksəltməkdə yalnız bir məqsəd güdür, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək. Əlbəttə, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində və bu il Naxçıvanda qazandıqları qələbələri bir daha təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəklər. Vətənpərvər Azərbaycan əsgəri həmin günü yaxınlaşdırmaq üçün hər cür fədakarlığa qadirdir, - deyə Cəlil Xəlilov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.