SİYASƏT


Bu gün ordu-xalq-iqtidar birliyi qısa müddətdə dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına imkan verir

Bakı, 28 sentyabr, AZƏRTAC 

Ermənistanın cinayətkar siyasi-hərbi rəhbərliyinin göstərişi ilə işğalçı dövlətin silahlı qüvvələrinin sentyabrın 27-də saat 06:00 radələrində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtərin Qapanlı, Ağdamın Çıraqlı və Orta Qaravənd, Füzulinin Alxanlı, Şükürbəyli və Cəbrayılın Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması düşmənin növbəti təxribatı kimi qiymətləndirilməlidir. Təkcə bu ilin iyul ayından artıq bir neçə dəfə bu kimi təxribatların şahidi olmuşuq. İyulun 12-dən 16-dək Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dinc, mülki əhali və hərbi qulluqçularımız qətlə yetirilib. Ardınca avqustun 23-də Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı və düşmənin Azərbaycana qarşı terror həyata keçirmək planları ifşa olundu. Daha sonra Azərbaycanın işğal olunmuş ərazilərində Suriyadan gətirilmiş erməni ailələrini yerləşdirməklə qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılmasına cəhd edildi. Bütün sadalananlar Ermənistan rəhbərliyinin planlı şəkildə təhrikçi bəyanatlarının və fəaliyyətinin davamıdır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O bildirib ki, şanlı Ordumuz hər dəfə düşmənə layiqli cavab verərək düşmənin təxribatının qarşısını almağa müvəffəq olub. Düşmənin növbəti təxribatı yenə də mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutmaqla müşayiət olunmaqdadır. Təxribat nəticəsində bir neçə mülki əhali və hərbi qulluqçumuz həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. İşğalçı Ermənistan illərdir mülki əhalini qəsdən hədəfə almaqla beynəlxalq hüquq normalarına açıq-aşkar meydan oxuyur. Düşmən tərəfin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinə nümayişkaranə hörmətsizlik sərgiləmək deməkdir. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə məhəl qoymamaq deməkdir. Bu, həmçinin 1949-cu il Cenevrə Konvensiyasının müvafiq müddəalarının və onların əlavə protokollarının kobud şəkildə pozulması deməkdir. Bu təxribat bütövlükdə BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə hörmətsizlikdir.

"Silahlı qüvvələrimiz işğalçı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir. Bu gün həm ordumuzun döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, ordu-xalq-iqtidar birliyi qısa müddətdə dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına imkan verir. Düşmən bilməlidir ki, biz bir qarış torpağımızı belə güzəştə getməyəcəyik. İnanırıq ki, Qələbə Günü uzaqda deyil”, - deyə İlqar Orucov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.