İDMAN
Bu gün şahmat üzrə Qran-pri seriyasının mərhələ yarışının qalibi müəyyən ediləcək
AZƏRTAC xəbər verir ki, finişə bir tur qalmış on mümkün xaldan altı xal toplayan Fabiano Karuana (İtaliya) və Boris Gelfand (İsrail) liderdirlər. Sergey Karyakin, Pyotr Svidler, Yevgeni Tomaşevski (Rusiya) və Hikaru Nakamura (ABŞ) hərəyə 5,5 xal, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Rusiya təmsilçisi Aleksandr Qrişşuk hərəyə 5 xal, Özbəkistan şahmatçısı Rüstəm Kasımcanov, Şəhriyar Məmmədyarov (Azərbaycan) hərəyə 4,5 xal, Rusiya təmsilçisi Dmitri Andreykin 4 xal toplayıblar. Turnir cədvəlini 3 xalla Kuba nümayəndəsi Lenyer Dominges tamamlayır.
Fabiano Karuana və Boris Gelfand sonuncu tur ərəfəsində yenidən liderliyi əla alıblar. Bu dəfə onların rəqibi Yevgeni Tomaşevski və Pyotr Svidler olacaq. Yeri gəlmişkən, bu şahmatçıların da mükafatlı yerlər tutmaq şansı var.
Daha iki namizəd qara fiqurlarla oynayacaq: Hikaru Nakamura Teymur Rəcəbov, Sergey Karyakin Dmitri Andreykin ilə görüşəcəkdir.
Aleksandr Qrişşukun bəxtinə zəif rəqib düşüb: Lenyer Dominges. Şəhriyar Məmmədyarov ağ fiqurlarla Rüstəm Kasımcanovu məğlubiyyətə uğratmağa çalışacaq. Onların heç birinin mükafatlı yer tutmaq şansı yoxdur.