İDMAN
Bu gün taekvondo üzrə dünya çempionatında üç çəki dərəcəsində mükafatçılar məlum olub




Bakı, 31 may, AZƏRTAC
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, döyüşlərin yekununa əsasən yarışda daha üç çəki dərəcəsində mükafatçılar bəlli olub.
Kişilər arasında 80 kq çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) Karl Alan Nikolasla (ABŞ) üz-üzə gəlib. İtaliyalı taekvondoçu qalib gələrək qızıl medala yiyələnib. Nikolas ikinci yerdə qərarlaşdığı halda, Seif Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər.
87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub.
Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (Dünya Taekvondosu) və Arian Salimi (İran) qazanıb.
Qadın taekvondoçuların 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar. Bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.