ELM VƏ TƏHSİL
Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır
Bakı, 5 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova bütün kollektivi Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, tarixi ədalət bərpa olunub.
Akademik İradə Hüseynova bildirib ki, məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı bu qələbənin labüdlüyü üçün zəmin yaradıb: “Ulu Öndərin şah əsəri olan, Azərbaycanın hər bir sahədə inkişafına nail olan və onu daha da təkmilləşdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, dövlətin xalq və ordu ilə birliyi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını təmin edib. Ali Baş Komandan bir daha bütün dünyaya sübut edib ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərib. Düşmənin 30 il ərzində milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edilib, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək olub. Artıq qələbəmizin ikinci ildönümüdür. Bu günlər ərzində biz şəhidlərimizi və onların doğmalarını heç vaxt unutmadıq və unutmarıq. Bizim kollektivdə də ailə üzvlərinin arasında Vətən müharibəsində şəhid və qazi olanlar var. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirik”.
AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İlham Şahmuradov, şəhid Aslan Rzayevin bacısı Firuzə Rzayeva, qazi Arif Cəbrayılovun anası, biologiya üzrə fəlsəfə doktoru Mayaxanım Xanışova, Birinci Qarabağ müharibəsinin iştirakçıları Nürməmməd Mustafayev və Mikayıl Paşayev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının tarixində şanlı səhifə olan Zəfər Günü münasibətilə təbrik ediblər.
İnstitutun əməkdaşı Fatma Abdullayeva qardaşı - Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, peşəkar zabitlərin hazırlanmasında öz bilik və təcrübəsini əsirgəməyən və zəfərin əldə olunmasında yaxından iştirak edən polkovnik Yaşar Kərimovun “Zəfərə gedən yol” kitabını akademik İradə Hüseynovaya təqdim edib.
Tədbirdə Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.