İQTİSADİYYAT
Bu gündən 44 nömrəli avtobuslarda gediş haqqı “BakıKart”la ödənilir
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-dən 44 nömrəli marşrut xətti (“Qara Qarayev” metro stansiyası-Zığ qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödənilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bütün digər xidmət sahələrində olduğu kimi, sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 minədək sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
Bu gündən tarixindən 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödənilir. Sərnişinlərin rahatlığı nəzərə alınaraq Zığ qəsəbəsi ərazisində, 2 ünvanda “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulub.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.