REGİONLAR
Bu gündən 5-9-cu siniflər üzrə əyani təhsilə start verilib – İsmayıllıdan reportaj VİDEO
İsmayıllı, 8 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu gündən İsmayıllı məktəblərində də 5-9-cu siniflər üzrə əyani təhsilə start verilib. Şagirdlər arasında ən azı 1,5 metr məsafə saxlamağa imkan verən məktəblərdə tədris həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.
Təhsil Nazirliyinin əmrinə əsasən, fiziki tərbiyə dərslərindən başqa, digər dərslər əyani tədris olunacaq. Bəzi siniflərdə dərslər hibrid (əyani və distant) şəkildə davam edəcək. Dərs cədvəlləri qurularkən şagird sıxlığı maksimum nəzərə alınıb. Bəzi ümumtəhsil məktəblərində dərslər növbəli şəkildə tədris olunacaq.
İsmayıllı rayonunda fevralın 1-dən pandemiya qaydalarına uygun olaraq, 54 məktəb tam ənənəvi təhsilə keçib. Öncə ibtidai siniflərdə və məktəbəqədər hazırlıq qruplarında, fevralın 8-dən isə 5-9-cu siniflərdə dərslər başlayıb.
Rayonda 76 ümumtəhsil məktəbi, iki məktəbdənkənar müəssisə fəaliyyət göstərir. On iki mindən çox şagirdin təlim və tərbiyəsi ilə 1535 müəllim məşgul olur.