DÜNYA
Bu gündən İtaliyada mədəni və idman obyektlərinin fəaliyyəti bərpa olunur
Roma, 11 oktyabr, AZƏRTAC
Avropada koronavirusdan (COVID-19) ən çox zərər çəkən ölkələr arasında yer alan İtaliyada normal həyata qayıdış başlayır. Bu gündən ölkədə teatrlar, kinoteatrlar, mədəniyyət və idman obyektlərinin fəaliyyəti bərpa edilir.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, oktyabrın 11-dən etibarən ölkədəki teatr, kinoteatr və mədəniyyət evlərində (yalnız ağ zonada) ümumi tutumun 100 faizinə, qapalı məkanlarda ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə isə gecə klubları və diskotekaların fəaliyyətinə icazə verilib. Açıq məkandakı bu əyləncə məkanları ümumi tutumun 75 faizi ilə fəaliyyət göstərə biləcək.
Stadionlarda tamaşaçı tutumu 50 faizdən 75 faizə artırılıb. Qapalı idman salonlarında oturacaqların doluluq nisbəti 60 faiz olmalıdır.
Bütün məkanlara girişdə “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksin sertifikatı) tələb ediləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma