REGİONLAR
Bu günədək 12,664 fermer elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçib
Bakı, 11 aprel, AZƏRTAC
Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 11-dək respublika üzrə 12,664 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Hazırda sistemdə qeydiyyatda olan fərdi təsərrüfatların sayı 12,724-ə çatıb. Ümumilikdə yeni sistemə 14,275 torpaq sahəsi barədə məlumat daxil edilib. Fermerlərdən 10,236 nəfər sahib olduqları torpaq sahələri barədə məlumatları EKTİS-ə Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi Dövlət Aktı, 2,865 nəfər çıxarış, 199 nəfər icarə sənədi, 14 nəfər arayış əsasında daxil edib. Digər fermerlər ilkin mərhələdə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədi qeyd etməyiblər.
EKTİS-də ən çox Biləsuvar, Salyan və Quba rayonlarından olan fermerlər qeydiyyatdan keçib. Biləsuvarda 1793, Salyanda 1453, Şəkidə 1449, Qubada 1097 fermer sahib olduğu torpaq sahəsi və bu il əkdiyi məhsul barədə məlumatları yeni sistemdə yerləşdirib.
Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pilot rayon olaraq seçilmiş Quba və Şəki rayonlarında fermerlər arasında maarifləndirmə işləri aparılıb. Ötən həftə isə Sabirabad rayonunun Axısxa, Yaxadəllək və Beşdəli kəndlərində fermerlərə EKTİS sistemi ilə bağlı informasiya-məsləhət xidməti göstərilib.
Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fəal iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf mərkəzlərinə və ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Artıq Quba, Şəki və Sabirabad “ASAN xidmət” mərkəzlərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Səyyar “ASAN xidmət” avtobuslarında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə prosesi çərçivəsində fermerlərə informasiya məsləhət xidməti göstərilir.
Qeyd edək ki, aprelin 15-18-də Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Yevlax rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparacaqlar. Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində prosesdə iştirak edəcək DAİM-lərin əməkdaşlarına və könüllülərə təlimlər keçiriləcək, daha sonra kəndlərdə EKTİS-in tətbiqinə başlanacaq.