REGİONLAR


Bu günədək Azərbaycanda 678 min 616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Bu il Azərbaycanda 1 milyon 37 min 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564 min 793 hektarı suvarılan, 472 min 714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 27-dək proqnozlaşdırılan əkin sahələrinin 87 faizində faktiki şum aparılıb, 678 min 616 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 421 min 379 hektar sahədə buğda, 257 min 237 hektar sahədə arpa səpilib.

Əvvəlki illərlə müqayisədə 2020-ci ilin payızlıq əkinlərində fermerlər sertifikatlı toxumdan istifadəyə daha çox üstünlük verirlər. Bu günədək aparılan səpin zamanı 137 min 608 ton sertifikatlı toxumdan istifadə olunub. Bunun 97 min 653 tonu buğda, 39 min 955 tonu arpa toxumudur.

Artıq 19 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 23 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70 min 220 hektar) və Şəki (67 min hektar) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45 min hektar), Neftçala (43 min hektar), Şamaxı (42 min hektar), Füzuli (37 min hektar), Ağsu (35 min 380 hektar), Biləsuvar (33 min hektar), Hacıqabul (33 min hektar), Qobustan (32 min hektar), İsmayıllı (30 min hektar), Ağcabədi (28 min 324 hektar) və Sabirabad (25 min 300 hektar) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36 min 880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin gələn ayın ortalarında yekunlaşması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.