İQTİSADİYYAT
Bu günədək MİDA-ya sosial mənzillərlə bağlı 6000-dən çox müraciət olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu günədək MİDA-ya sosial mənzillərlə bağlı 6000-dən çox müraciət olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev oktyabrın 17-də Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisinin açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib. “Hələlik mənzillərin satışı ilə əlaqədar elan verilməyib. Güman edirəm ki, bu ilin sonunadək mənzillərin satışına başlayacağıq”.
A.Quliyev bildirib ki, MİDA hazırda Yasamal yaşayış kompleksinin inşası ilə bağlı bir özəl şirkətlə əməkdaşlıq edir. Şirkət sözügedən kompleksin 29 binasından 3-nə investisiya yatırır. Sonradan həmin binalardan biri MİDA-ya təhvil veriləcək, digər 2-ni isə tikinti şirkəti özü bazar qiymətləri ilə satışa çıxaracaq. MİDA gələcəkdə də özəl sektoru tikinti layihələrinə cəlb etmək niyyətindədir.