REGİONLAR
Bu günədək Zaqatalada 9,7 ton yaş barama istehsal olunub VİDEO
Zaqatala, 7 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükü gündən-günə artır. Kümçülər qısa müddətdə Zaqatala barama toxumu zavodunun qəbul məntəqəsinə 9,7 ton yaş barama təhvil veriblər.
AZƏRTAC-ın bölgə müxbiri qəbul məntəqəsində olub, kümçülərlə görüşüb, barama tədarükünün vəziyyəti ilə maraqlanıb.
Danaçı kənd sakini Rəsul Hacılovla söhbət zamanı məlum oldu ki, dövlətin baramaçılığa dəstəyindən ruhlanan kümçü bu il ilk dəfə barama yetişdirib, 31 qram ipəkqurdu bəsləyib. Rəsul indiyədək məntəqəyə 80 kiloqram yaş barama təhvil verib. İki-üç gündən sonra daha 10-15 kiloqram barama təhvil verməyi planlaşdırır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məmməd Vaşiyevin bildirdiyinə görə, builki mövsümdə 36 kümçü ilə müqavilə bağlanılıb, onlara 118 qutu, yəni 2 kiloqram 230 qram ipəkqurdu paylanılıb. İndiyədək qəbul məntəqəsinə 1000 kiloqramadək yaş barama təhvil verilib. Cari mövsüm üçün hədəf isə 5,5 ton məhsul istehsalıdır.
Nümayəndənin sözlərinə görə, keçən il kənddə 29 kümçü ailəsi baramaçılıqla məşğul olub, 3,6 ton yaş barama istehsal ediblər. Kənd sakinlərinin baramaçılıqdan gəlirləri 32 min manatdan çox olub.
Rayonun Aşağı Çardaxlar kəndindən Mirzə Mamayev isə üçüncü ildir ki, barama yetişdirir. Kümçü builki mövsümdə 50 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. O, indiyədək məntəqəyə 140 kiloqram yaş barama təhvil verib.
Rayonda barama tədarükü “Azəripək” MMC-nin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti yüksəkdir.