CƏMİYYƏT


Bu günədək aparılan təhlillər nəticəsində yerli pomidorlarda qonur qırışıqlıq virus aşkarlanmayıb

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycandan Qazaxıstana ixrac olunan pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdən Qazaxıstana ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusun aşkarlanması iddiası ilə quruma 8-15 yanvar tarixlərində ümumilikdə 17 bildiriş daxil olub. Yanvarın 16-dan etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycandan Qazaxıstana 1363,46 ton pomidor ixrac olunub. Ötən il ərzində və cari ilin əvvəlində Qazaxıstanla yanaşı, ölkəmizdən Niderland, Polşa, Estoniya, Moldova, Qətər, Rusiya, BƏƏ, Belarus, Gürcüstan kimi dünyanın bir çox ölkələrinə pomidor məhsulu ixrac olunub, lakin qeyd edilən virusun aşkar olunması ilə bağlı idxalçı ölkələr tərəfindən heç bir fakt qeydə alınmayıb.

Daxil olan məlumatların araşdırılması məqsədilə ixrac olunan pomidor məhsullarında qonur qırışıqlıq virusun aşkarlandığı iddia olunan təsərrüfatlardan, geri qayıdan yük partiyalarından, həmçinin daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından nümunələr götürülərək qonur qırışıqlıq virusu və digər viruslar üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında və Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Zirayi Mücadilə Mərkəzi Araşdırma İnstitutunun beynəlxalq akkreditasiyalı laboratoriyasında müayinə olunub. Bildirilir ki, bu günədək aparılan müayinələr zamanı müxtəlif təsərrüfatlardan, geri qayıdan yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmayıb. Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən pomidor məhsulunda iddia olunan qonur qırışıqlıq virusunun tədqiqi işləri davam etdirilir, aparılan tədqiqat işləri ilə bağlı mütəmadi olaraq məlumat veriləcək.

Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstanın səlahiyyətli orqanına göndərilib.

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstanın müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.